Lənkəranda 3 oğurluq faktının üstü açıldı

 

Lənkəran Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb.

 

APA TV-nin cənub bürosunun məlumata görə, şəhər sakini N.Kazımlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək, işlədiyi mağazadan özünə məxsus 480 manat dəyərində “Samsung” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

 

Əməliyyat tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra oğurladığı mobil telefon ondan maddi sübut kimi götürülüb.

 

Lənkəran ŞRPŞ və DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Bilal Verdiyevin digər oğurluq əməlləri də üzə çıxıb. Onun cari ilin 5 iyul tarixində eyni gündə rayon ərazisində 2 avtomobildən 500 manat pul və maqnitofon oğurladığı müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR