X Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə Qəbələ şəhərində X Beynəlxalq Musiqi Festivalına start verilib.


APA TV-nin yerli bürosunun məlumatına görə, əvvəlcə Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə "Gənclərə dəstək" layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunub. Kamera konsertində gənc pianoçuların və musiqiçilərin ifasında Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.


Sonra Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan açıq böyük səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olub. Konsertdə gənc musiqiçiləri tələbə simfonik orkestrin dirijoru, "Baku Sinfonietta" orkestrinin bədii rəhbəri və baş dirijoru Cavad Tağızadə müşayiət edib. Orkestrin konsertində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.


Qeyd edək ki, iyulun 31-də axşam saat 21:00-da beynəlxalq festivalın açılış mərasimi olacaq.

Avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR