Metro və marşrut avtobuslarında gediş haqları artırıldı
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının Katibliyindən APA TV-yə verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Məlumatda bildirilib ki, avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.
Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub.
Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."