İstiqlalçı deputat Məryəm Həsənova ilə vida mərasimi keçirilib
Sabiq millət vəkili Siyəzəndə torpağa tapşırılıb
Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı deputat... Onu tanıyanlar məhz bu cür xarakterizə edir. Azərbaycan Milli Məclisinin keçmiş deputatı Məryəm Həsənova vəfat edib. Təzəpir məscidində onunla vida mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, habelə ictimai-siyasi xadimlər iştirak edib. Əvvəlcə Quran-i Kərimdən ayələr oxunub.
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxışında Məryəm Həsənovanın ömür yolundan söz açıb.
Məryəm xanımın 1990-cı ildən ömrünün sonunadək başına qara yaylıq örtməsinin elə yaylığın rəngi kimi tarixçəsi var. Həmin ilin oktyabrında 5 ailə üzvünü avtomobil qəzasında itirən Məryəm xanımı o gündən sonra yaylıqsız kimsə görməyib.
Uzun illər təşkilində bilavasitə rol oynamış Siyəzən rayonunda müəllimə, orta məktəb direktoru vəzifəsində çalışan Məryəm Həsənova milli-azadlıq hərəkatının fəal iştirakçılarından olub.
1990-cı ildə deputat seçilmişdi. O vaxtkı tarixi-siyasi şərait ömrünə mübarizlik yazmışdı onun. Müstəqillik aktına səs vermək cəsarəti də məhz mübarizliyi və əzmkarlığından qaynaqlanırdı. O günü isə belə xatırlayardı: "Sevincimdən hönkür-hönkür ağladım. O anları həyatımın ən gözəl anları sayıram. Elə bilirdim ki, cənnətin qapısı ağzındayam".
Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqil olması üçün mübarizə aparan Demblokun 25 üzvündən biri olan M.Həsənova vaxtilə Ali Sovetinin məşhur 4-cü mikrofonda ilk çıxış edən deputat kimi də yadda qalıb.
2009-cu ildə həyat yoldaşını itirən bu azadlıq mübarizinin övladları, yaşamağa evi olmasa da, Azərbaycan boyda evi vardı əslində. İlk, əbədi və son mənzili olacaq evi...
Məryəm Həsənovanın cənazəsi vəsiyyətinə uyğun olaraq dəfn edilmək üçün Siyəzən rayonuna aparılıb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."