Məleykə Abbaszadə valideynlərə müraciət etdi

Bu il ali məktəblərə bakalavr təhsili üzrə qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. İxtisas seçimində isə 91 498 nəfər iştirak edəcək.

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

O bildirib ki, həmin şəxslərdən bəziləri V ixtisas qrupuna sənəd verənlərdir. Onlar I və IV qrupa imtahan verməyiblər, buraxılış imtahanlarının nəticəsi əsasında keçiblər. Qabiliyyət imtahanları avqustun 9-na qədər davam edəcək: "Qeydiyyatdan keçən şəxslərin sayı bizdə qabiliyyət tələb edən ixtisaslara 8277 nəfərdirsə, onlardan 14 015 nəfər komissiyada imtahanda iştirak edəcək. Bakalavr səviyyəsində onların sayı 10 658 nəfər, orta ixtisas və tam orta ixtisas təhsil bazasında isə 3357 nəfərdir".

 

Məleykə Abbaszadə vurğulayıb ki, ixtisas seçimi taleyüklü məsələdir və keçid balının əvvəlcədən bilinməsi haqda deyilənlər yalan informasiyadır: "Hər bir şəxsin öz balı var. Bu bal dəyişməyəcək. Hər bir şəxs iki imtahanda iştirak edibsə, iki nəticəsi var. Və o, həmin iki nəticədən ən yüksək nəticəni seçib, o nəticə ilə müsabiqədə iştirak etməlidir".

 

Məleykə Abbaszadə onu da bildirib ki, bəzi valideynlər öz uşaqlarının taleyini başqalarının ümidinə buraxırlar. İxtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir. Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa qəbul olunur. Ona görə də hər bir abituriyent ərizəsini özü təsdiq etməlidir. İxtisas seçiminin rahat olması üçün DİM-in xidmətləri fəaliyyət göstərir. İxtisas seçimi ilə bağlı "Abituriyent" jurnalının ikinci sayında ətraflı məlumat almaq olar.

 

Qeyd edək ki, ixtisas seçimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır. İxtisas seçimi bu gün günün ikinci yarısından etibarən başlayıb, avqust ayının 13-nə qədər davam edəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR