Şəkidə 51 km-lik yol yenidən qurulur

8 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq

 

Şəkidə xüsusi əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

 

Bu avtomobil yolunun 21 km-i respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla ümumi eni 12 metr təşkil edir. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

 

Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29.9 km-lik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

 

Hazırda yol boyu asfaltlanma işləri aparılır. Ümumilikdə yolun 300 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənir.

 

Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yeniləri inşa edilib. Yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda dəmir borular quraşdırılıb. Bundan başqa, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri işləri də aparılıb.

 

Layihə işləri texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün lazımi sayda qüvvə əraziyə cəlb olunub.

 

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa, respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

 

11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR