Ermənistan KTMT-nin baş katibini dəyişdirmək istəyir

"Robert Köçəryanın həbsi onun məhvinə hesablanıb və cinayət işinin heç bir əsası yoxdur".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu sabiq prezidentin köməkçisi Viktor Soqomonyan bildirib.

 

O deyib ki, bununla Ermənistan hakimiyyəti sabiq prezidenti daxili siyasi proseslərdən kənarda qoymaq, başqa sözlə, neytrallaşdırmaq istəyir.

 

Qeyd edək ki, 1 mart 2008-ci il hadisələri ilə bağlı istintaq çərçivəsində Ermənistanın keçmiş prezidenti, Dağlıq Qarabağa yönələn separatçı hərəkatın liderlərindən olan Robert Köçəryan, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov həbs edilib. Sabiq müdafiə naziri Mikael Arutunyan və digərləri barəsində isə axtarış elan olunub. Y.Xaçaturov qəsdən adamöldürmə, dinc etirazçılara qarşı zorakılıq, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

 

Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tirqan Balayan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin seçilməsi üçün hüquqi prosedurlara başlamağı təklif edib. Balayan onu da bildirib ki, bu ilk növbədə təşkilatın nüfuzu, habelə fəaliyyətinin təminatı baxımından önəm daşıyır.

 

Xatırladaq ki, 2008-ci ilin mart olaylarında Levon Ter-Petrosyanın seçki qərargahının və etirazların aktiv iştirakçılarından olan hazırkı baş nazir Nikol Paşinyan 7 il həbsə məhkum edilsə də, 2011-ci ildə amnistiya ilə azadlığa çıxıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR