Kreditlə aldığı avtomobilin ban nömrəsini dəyişdirib satarkən saxlanıldı – BAKIDA ƏMƏLİYYAT
Paytaxt polisi dələduzluq faktını ifşa edib. APA TV-nin DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əməliyyat tədbirləri Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat nəticəsində Xocavənd rayon sakini Ziyatay Əliyev işlədiyi Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində bankdan kredit yolu ilə aldığı “VAZ 2121” (“Niva”) markalı avtomobilin ban nömrəsini qanunsuz olaraq dəyişdirən zaman cinayət başında saxlanılıb.
Avtomobil təmiri sexinə baxış keçirilən zaman müxtəlif banklarda girovda olan “Kia Cerato”, “Chevrolet Aveo”, “Chevrolet Cruz”, “VAZ 2115”, “VAZ 2121”, “VAZ 2170” markalı onlarla avtomobilə aid qeydiyyat şəhadətnamələri və qeydiyyat nişanları, həmçinin kəsilmiş dövlət qeydiyyat nişanları və ban nömrələri aşkar olunaraq götürülüb. Baxış zamanı həmçinin sexin döşəməsində doğranmış vəziyyətdə basdırılan qeydiyyat nişanları və ban nömrələri də aşkar olunub.
İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Z.Əliyev özgə əmlakını ələ keçirmək məqsədi ilə işlədiyi avtomobil təmiri sexində banklar tərəfindən ipoteka ilə yüklü edilmiş avtomobillərin ban və mühərrik nömrələrini kəsib onların yerinə eyni markadan olan yararsız avtomobillərin ban və mühərrik nömrələrini qaynaq edərək girovda olmayan avtomobil kimi ayrı-ayrı şəxslərə satmaqla banklara külli miqdarda ziyan vurub.
Faktla bağlı Baş İdarənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd edilən qanunazidd əməllərdə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."