Bakıda atmosferi çirkləndirən şadlıq saraylarının adı açıqlandı

"Xəzərin Azərbaycana məxsus ərazilərində və sahil zolağında həyata keçirilmiş ekoloji monitorinqlər zamanı dənizə tökülən 224 axar qeydə alınıb. Sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından, müxtəlif tərkibli tullantı suları təmizlənmədən Xəzərə axıdılır. Nəticədə Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyəti pisləşir".

  
APA TV-nin xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərləri və digər yaşayış məntəqələrindən dənizə axıdılan tullantı suları Xəzər dənizinin əsas çirkləndiricilərindən hesab olunur. 

 

ETSN-in əməkdaşı Faiq Mütəllimov isə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyi ilə birgə Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə 2018-2020-ci illəri əhatə edəcək tədbirlər planını təsdiq edib. Eyni zamanda Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Dövlət Dəniz Agentliyi və ETSN-in  mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb. Bu planın icrası ilə bağlı ETSN və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında, xüsusilə çimərliklərdə keçirilən birgə reydlər zamanı bir sıra obyektlərin məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub: “Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə keçirilən birgə reydlər zamanı “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub. Bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub. “Relax”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur”, “Caspian Standart KO” MMC-yə məxsus “Caspian Breeze” istirahət mərkəzləri də qanun pozuntularına yol verib”.

 

Konfransda iştirak edən Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi Elçin Qubadov qeyd edib ki, Xəzər dənizində tullantıların idarə olunması prosesində icra hakimiyyətləri və  bələdiyyələri fəal olmalıdırlar.

 

Mətbuat konfransında həmçinin, yaxın zamanda bir sıra obyektlərə qarşı sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edilib. Səbəb atmosferə atılan tüstü axınıdır: “İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-in obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən "Xəmsə", "Oskar", "Oazis", "Millenium", "Sonalar sonası", "Xan qızı", "Dan ulduzu" və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq”.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR