Mariya Zaxarova: "Beynəlxalq müstəvidə anti-Azərbaycan kampaniyası aparılır"
"Rusiya ilə Azərbaycan arasında intensiv məsləhətləşmələr qarşılıqlı plana uyğun həyata keçirilir".
APA TV-nin məlumatına görə, bunu Xarici işlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mariya Zaxarova ilə görüşdən sonra bildirib: "Media sahəsində də çox sıx əməkdaşlıq mövcuddur. Bu sahədə, yəni media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya kimi məsələlərdə potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik, təcrübə mübadiləsi apardıq. Razılıq əldə olundu ki, bu formatda olan əlaqələrimiz, əməkdaşlıq və məsləhətləşmələrimiz bundan sonra da davam etsin".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə tərəflər arasında istənilən formatlı görüşün əlaqələrin inkişafına təkan verdiyini önə çəkib. O bildirib ki, bundan sonra görüşlər intensiv xarakter alacaq.
M.Zaxarova eyni zamanda beynəlxalq strukturlarda aparılan anti-Azərbaycan kampaniyasına qarşı səylərin birləşdirilməsini vacib sayıb: "Beynəlxalq müstəvidə anti-Azərbaycan kampaniyası aparılır. Bu yolverilməzdir. Əlimizdə həm Rusiya, həm də Azərbaycanın təmsil olunduğu beynəlxalq təşkilatlar, eləcə də xüsusiləşdirilmiş beynəlxalq orqanlar çərçivəsində aparılan bu cür neqativ, destruktiv və qorxunc tendensiyalarla mübarizə üçün alətlər mövcuddur".
Dağlıq Qarabağ probleminə toxunan rusiyalı qonaq bildirib ki, informasiya məsələləri belə bir regional problemin ciddiyyətini anlamadan müzakirə oluna bilməz: "Problemin həllində vasitəçi kimi öz effektivliyi və konstruktivliyini isbatlayan Rusiya problemin ciddiyyətini yaxşı anlayır. Bugünkü görüşdə də Dağlıq Qarabağ məsələsi müzakirə olunub, amma bir daha deyirəm ki, sırf informasiya nöqteyi-nəzərindən".
Onun sözlərinə görə, ölkəsi münaqişə tərəfləri arasında danışıqların aparılmasını dəstəkləyir: "Azərbaycanla Ermənistan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilir. Biz hər iki ölkənin, dövlətin və nəhayət paytaxtın razılaşdırdığı və konstruktiv keçən istənilən görüşləri alqışlayırıq. Bundan əlavə, Rusiya olaraq bu məsələdə hər hansı razılığın əldə olunduğu müzakirələri, habelə onların pozitiv nəticələrini dəstəkləyirik".
Qeyd edək ki, ikitərəfli məsləhətləşmələrdə qarşılıqlı strateji əlaqələrin səviyyəsindən razılıq ifadə olunub, tərəflərin beynəlxalq arenada üzləşdiyi informasiya təhlükəsinə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra müzakirələr jurnalistlərin iştirakı olmadan davam edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."