Azərbaycanda ən çox hansı hepatit növü yayılıb?
Milyonlarla insanın həyatına son qoyan hepatit xəstəliyi bu gün dünyada ciddi bəlaya çevrilib. Vaxtlı-vaxtında və düzgün şəkildə profilaktik tədbirləri yerinə yetirməyən hər kəs hepatit xəstəliyinə tutula bilər. Lakin bu o demək deyil ki, hepatit viruslarından qorunmaq mümkün deyil.
Hər gün minlərlə şəxs İnsanın İmmunçatışmazılığı Virusu (İİV) və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən təhlükəlisi isə odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir. Çünki həm İİV, həm də hepatit B, C-nin yoluxma və yayılma yolları demək olar ki, eynidir. Hər ikisi də insana qan vasitəsi və cinsi yollarla yoluxur.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 28 iyul - Ümumdünya Hepatit Gününə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyasının üzvü Həqiqət Qədirova və Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasının həkim hepatoloqu İlhamə Əmiraslanova çıxış edərək, hepatitdən qorunmaq və müalicə üsulları barədə danışıblar.
Səbinə Babazadə Ümumdünya Hepatit Gününün tarixi haqqında qısa məlumat verərək, önəmindən söz açıb.
Jurnalistlərin suallarını cavablandıran Həqiqət Qədirova hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə KİV nümayəndələrinə ətraflı məlumat verib. O bildirib ki, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyasına son dörd il ərzində 8936 nəfər müraciət edib. Komissiyaya müraciət edənlərdən 57 faizi kişi, 43 faizi isə qadın olub: "Müraciət edənlərin 73 faizi hepatit C-dən, 27 faizi hepatit B-dən əziyyət çəkənlər idi. Eyni zamanda komissiyaya müraciət edən insanlardan bir qismi hepatit B virusunun sağlam daşıyıcısı olduğuna görə onlar artıq sonradan müayinə aparıldıqdan sonra müalicəyə qoşulmamışdı. Çünki mövcud qaydalara görə, bunların müalicəyə ehtiyacı yoxdur, amma eyni zamanda artıq müraciət edən zaman 493 nəfərdə qaraciyərin sirrozu var idi".
Həqiqət Qədirova deyib ki, 2017-ci ildə komissiyaya müraciət edənlər arasında 160 nəfərdə B və D viruslu hepatitlər, 156 nəfərdə B və C viruslu hepatitlər, 59 nəfərdə isə A viruslu hepatitlər aşkar olunub. Səhiyyə Nazirliyi tərəfindən pulsuz olaraq aparılmış bütün müayinələr nəticəsində 6266 nəfərə müalicə yazılıb və onlar müalicəni başa çatdırıblar. 1259 nəfərin isə müalicəsinə əks göstəriş olub. Hazırda 1153 nəfər müalicəni davam etdirir.
Həqiqət Qədirova hepatitin yoluxma və yayılma yollarına da toxunub: "Hepatitlərin A və E növləri fekal aral deyilən yolla, yəni insanın nəcisində olur, nəcislə ifraz olunur xarici mühitə, oradan da müxtəlif yağış suları, müxtəlif qida ilə, çirkli əllər, həmçinin qaynadılmamış su ilə yoluxa bilər. Digər 3 hepatit - B, D və C isə qan və onun komponentləri vasitəsilə yoluxur. Qan köçürülür və ya qanın hansısa komponentləri, əgər yoxlanılmayıbsa... Bu da rəsmi fəaliyyət göstərən tibb müəssisələrində mümkün deyil".
Həqiqət Qədirova əlavə edib ki, hepatit virusları diş fırçası, üzqırxan və manikür alətləri ilə yoluxa bilər, həmçinin tatuaj və pirsinq edən insanlarda da yaranma ehtimalı yüksəkdir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün isə ölkədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."