Lerikdə e.ə. V-III əsrlərə aid qəbirlər tapıldı
Lerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-III əsrlərə aid nekropolda yeni insan qəbirləri aşkarlanıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, 2012-ci ildən Lerikin Gürdəsər kəndində Piboz adlı təpədə geniş miqyaslı arxeoloji qazıntı işləri davam etdirilir.
Ekspertiza rəisi Ceyhun Eminli deyir ki, şəhərdən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyürü üstə uzadılmış halda insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları, qılınclar, nizə və bıçaq aşkarlanıb. Eyni zamanda heyvan şəklində qablar da tapılıb ki, bunların da xüsusi ayinlərlə bağlı olduğu bildirilir: "Artıq 7-ci ildir ki, Lerik rayonunun Gürdəsər kəndində antik dövrə aid tədqiqatlarımızı davam etdiririk. Ümumilikdə 180-dən artıq qəbir aşkar olunub. Burada 2400-2500 il bundan qabaq geniş bir ərazini əhatə edən qəbiristanlıq olub və burada biz müxtəlif formalı adətlər müəyyənləşdirmişik. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir. Bu onu göstərir ki, həmin dövrdə bu ərazidə 300-500 il bir dövrü əhatə edən yaşayış olub".
2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq 3 ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər burada əsasən heyvan və insan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar aparır, bir çox laborator işlərdə yerli mütəxəssislərlə əməkdaşlıq edirlər: "Burada aşkar olunan materialların işlənməsi, silahların bərpası, saxsı qabların bərpası aparılır. Tədqiqatlarımıza ABŞ-dan olan mütəxəssislər də qoşulub".
Ərazidə 2018-ci il üçün tədqiqat işləri iyulun 2-dən başlayıb. Ekspedisiya fəaliyyətini iyulun 31-də yekunlaşdırmağı planlaşdırır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."