Səudiyyənin Bab Əl-Məndab qərarı nefti bahalaşdırır

Səudiyyə Ərəbistanının Bab Əl-Məndab boğazını yükdaşımaları üçün bağlaması neftin qiymətinə müsbət təsir edib.

 

APA TV-nin məlumatına görə, Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının iki tankerinə hücum etmişdi. Hücum zamanı neft sızması və ölüm qeydə alınmamışdı. Bundan sonra təhlükəsizlik məqsədilə boğazdan daşımalar dayandırılmışdı.

 

Eyni zamanda husilər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə PUA ilə hücum edib. Onlar şəhərin beynəlxalq aeroportuna 3 bomba atıblar. Bu region neftlə zəngindir. OPEC-in əsas neft ixracatçıları Yaxın Şərq ölkələridir. Bu regionda baş verən qeyri-stabillik, müharibə şəraiti neftin qiymətlərinə birbaşa təsir edəcək əsas amildir.

 

Eyni zamanda ABŞ-da neft ehtiyatlarında 2015-ci ildən bu yana ən böyük azalma qeydə alınıb.

 

Mütəxəssislər Səudiyyə Ərəbistanının Bab Əl-Məndab boğazını uzun müddət bağlamayacağını düşünür, qiymətlərin yenidən ucuzlaşacağını, Qərbi Texas neftinin 65, "Brent" neftinin 70 dollara düşəcəyini bildirir. Hazırda birjalarda "Brent" nefti 74,48 dollara, Qərbi Texas nefti isə 69,55 dollara təklif olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR