Tokio metrosunda terror törədən təriqət üzvləri edam olundu
Yaponiyada baş verən ən böyük terror hadisəsinə görə günahkar hesab olunan təriqət üzvləri edam olunub.
APA TV-nin məlumatına görə, "Aum Şinrikyo" (Ali Həqiqət) təriqəti Tokio metrosunda 1995-ci ildə zarin qazı ilə terror aktı törədərək 13 nəfərin ölümünə səbəb olmuşdu.
Təriqət üzvü olan 6 məhkumun edam olunduğunu Yaponiyanın ədliyyə naziri Yoko Kamikava təsdiqləyib.
"6 nəfər bu gün edam olundu. Bir çox adam hücumda öldü, bir çoxu isə əlil oldu. Yaralananların və əzizləri ölənlərin yaşadığı qorxu və acı xəyal oluna bilməz", - deyə nazir bildirib.
Aum Şinrikyo təriqətinin ümumilikdə 13 üzvünə edam cəzası verilib. Təriqətin lideri Şoko Asahara və 6 təriqət üzvü iyul ayının əvvəllərində edam olunub.
1995-ci ildə Tokiodakı zarin qazı hücumunda 13 sərnişin ölmüş, təxminən 1000 nəfər yaralanmış, 6000 nəfər isə zəhərlənmişdi. Bundan başqa, təriqət 1994-cü ildə 8 nəfərin öldüyü digər zarin qazı terrorunda da günahkar hesab olunurdu.
80-ci illərdə hinduizm və buddizm inanclarının sintezindən formalaşan 2Aum Şinrikyo" sonradan "dünya müharibəsi təhlükəsi" inancını inkişaf etdirib. Təriqətin yaradıcısı Şoko Asahara isə özünün Buddadan sonra "ilk aydınlanmış şəxs" və Həzrəti İsa olduğunu elan edir. 1989-cu ildə qanuni fəaliyyət imkanı əldə edən təriqət dünyada ardıcıllar toplamağa başlayır. Ən güclü vaxtlarında Asaharanın on minlərlə tərəfdarı olub. Təriqət tərəfindən qiyamət günü yalnız təriqət üzvlərinin sağ qalacağı fikri formalaşdırılıb. Eyni zamanda onlar özləri tərəfindən öldürülməyən şəxslərin cəhənnəmə gedəcəyinə inanırdılar. Hazırda dünyada təriqətin 2 min üzvü olduğu güman olunur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."