Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi davam etdirilir

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

 

Hazırda yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası, həmçinin asfaltlanma işləri aparılır. Yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlıqda yeni asfalt-beton örtük döşənir.

 

Dəmirçi-Lahıc avtomobil yolu çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi, həmçinin bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası, yol yatağının əlavə bərkidilməsi işləri aparılır. Belə ki, xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, 18.7 km uzunluğunda trapesiya en kəsikli küvetlər inşa edilir.

 

Tikinti norma və qaydalarına uyğun olaraq yolun trassasına düşən çaylar üzərindən 3 avtomobil körpüsünün inşası işləri aparılır. Belə ki, yolun 1.9-cu km-də uzunluğu 60 metr olan 3 aşırımlı, yolun  4.6-cı km-də uzunluğu 10 metr olan 1 şırımlı və yolun 6.2-ci km-də uzunluğu 24.5 metr olan 1 şırımlı avtomobil körpüsü inşa edilir. Bundan başqa, 50 metr uzunluğunda sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

 

Anar Nəcəfli – AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.

 

Yeni avtomobil yolunun tikintisi işləri çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 65 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

 

Dəmirçi-Lahıc avtomobil yolunun yaxın aylarda tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR