Oğuzda 17,5 km-lik yol yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Oğuz rayonunda Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri artıq yekunlaşır.
APA TV-nin xəbərinə görə, 17.5 km uzunluğa malik olan Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri bitir. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir.
Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklü idi. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olurdu. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qalır.
Aparılan işlər zamanı yol boyu yeni yol yatağı inşa edilib. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülüb. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü boru quraşdırılıb.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərindən sonra əhalinin R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq. Bundan başqa, yolun əsaslı şəkildə bərpası turizmin də inkişafına səbəb olacaq.
Layihə çərçivəsində tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."