ABŞ-dan Avropaya "yaşıl işıq” - TƏRƏFLƏR RAZILAŞDI

"Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar". APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

 

“Sənədlər üzərində iş artıq başlayıb və proses sürətlə gedir. Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar. Eyni zamanda gördüyümüz işlərdən faydalanacaqlar” - deyən Ağ Ev rəhbəri həmçinin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşünü də yüksək qiymətləndirib və əldə olunan irəliləyişin mühüm olduğuna diqqət çəkib.

 

Bu arada Jan Klod Yunker də tərəflər arasındakı razılaşmaya münasibət açıqlayıb. Onun sözlərinə görə, təmsil etdiyi qurum ABŞ-la energetika, kənd təsərrüfatı, ticarət, habelə idxal və ixrac sahələri üzrə əməkdaşlıqda maraqlıdır.

 

"Avropa İttifaqı ABŞ-dan idxal olunan sıxılmış təbii qazın saxlanılması üçün daha çox terminal tikməyi planlaşdırır. Bundan əlavə, ABŞ-dan soya kimi strateji məhsulların region ölkələrinə çatdırılması ilə bağlı razılığa gəlmişik. Gələcəkdə idxalın həcmi daha da genişləndiriləcək" - deyə J.K.Yunker bildirib. 

 

Rəsmi Vaşinqtonla konfliktdən yayınma cəhdləri Avropa İttifaqını güzəştlərə məcbur edib. Bununla "qoca qitə" ABŞ-dakı fermerlərin Çin bazarında üzləşdiyi itkiləri kompensasiya etməyi, habelə bu ölkədən sıxılmış təbii qaz idxalı ilə bağlı çoxdankı arzusunu reallaşdırmağı planlaşdırır.

 

Qeyd edək ki, Ağ Evdəki görüş zamanı tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması, sənaye və kənd təsərrüfatı üzrə əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR