Təşkilat Komitəsi: Zara Bakıya gələcək - AÇIQLAMA

Bakıda keçiriləcək “Jara” beynəlxalq musiqi festivalının Təşkilat Komitəsi Rusiyanın əməkdar artisti, müğənni Zaranın Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb.

 

APA TV-nin məlumatına görə, qurumun adından yayılan açıqlamada sivilizasiyalararası dialoqun Azərbaycanın yeritdiyi siyasətin əsas komponentlərindən olduğu bildirilib.

 

Təşkilat Komitəsinin açıqlamasında vurğulanıb ki, 3-cü dəfə ölkəmizdə təşkil olunan və iyulun 26-dan 29-na kimi davam edəcək "Jara" Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxtımızda fərqli millətlərin nümayəndələri olan müğənniləri qəbul edir: “Son günlər ölkəmizə planlaşdırılan səfəri çoxsaylı müzakirələrə səbəb olan kürd əsilli müğənni Zaraya gəlincə, onun özü paytaxtımıza gələrək ölkənin qədim mədəniyyəti, zəngin tarixi və adət-ənənələri ilə tanış olmaq niyyətini bəyan edib. Tolerant və qonaqpərvər millətin nümayəndəsi olaraq biz də ona "Jara - 2018" Beynəlxalq Musiqi Festivalında iştirak etmək fürsətini yaratdıq".

 

Qeyd edək ki, bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın sözügedən festivala qatılıb-qatılmayacağını müzakirə edir. Təşkilatçı qurumun açıqlaması məhz bu narahatlığa cavabdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR