Korrupsiya cinayətləri üzrə 25 milyon manatlıq əmlak üzərinə həbs qoyulub
Bu il Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb.
APA TV-nin məlumatına görə, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib: "Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib".
Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu il vətəndaşların 3874 müraciətinə baxıldığını diqqətə çatdırıb. Həmçinin 126 cinayət xarakterli material araşdırılıb.
O qeyd edib ki, həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.
K.Əliyev həmçinin bildirib ki, bu ilin 6 ayı ərzində idarənin “161 - qaynar xətt” əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
Bundan başqa, Azərbaycanda daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb: "Baş İdarədə ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işi istintaq olunur. Bu il korrupsiya cinayətləri ilə axtarışda olanlardan 9 nəfəri tutularaq istintaqa təhvil verilib".
Kamran Əliyevin sözlərinə görə, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Bu il korrupsiya hüquqpozmaları üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib.
Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.
OXŞAR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı