Mövlud Çavuşoğlu: "Paşinyanı nəzakət xatirinə təbrik etdim"
Azərbaycanın qəbul etdiklərini qəbul edərik, Azərbaycanın qəbul etmədiyi heç bir şeyi biz də Türkiyə olaraq qəbul etmərik.
APA TV-nin məlumatına görə, bu sözləri ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşlərdən sonra keçirilən mətbuat konfransında səsləndirib.
Türkiyəli nazir bir çox məsələlərdə olduğu kimi Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan münasibətlərinə dair məsələlərdə də hər zaman Azərbaycanın yanında olduqlarını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu vurğulayıb. Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha vurğulayaraq münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və Azərbaycanın qəbul etmədiyi hər hansı bir addım atmayacaqlarını deyən Mövlud Çavuşoğlu Brüsseldə NATO sammiti çərçivəsində Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi ilə bağlı təbrik etməsi məsələsinə də aydınlıq gətirib:
"NATO sammiti zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdüm. Mən onu Avropa Şurasında Ermənistan təmsilçisi kimi tanıyırdım. Onu xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdim. Z.Mnatsakanyanın yanında baş nazir Nikol Paşinyan da olub. Mən onu da Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdim. Bu təbriklər bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizin dəyişməsi anlamına gəlmir. Bu, sadəcə, nəzakət xarakteri daşıyırdı".
Bu arada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını açıqlayıb. O, görüşün sentyabr ayında keçirilməsinin mümkünlüyünü qeyd edib:
"Təklif var idi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində, ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi danışıqlar prosesi ilə tanış olmaq üçün vaxt istəyib".
OXŞAR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı