Masallıda 24.7 km-lik kəndlərarası avtomobil yolları yenidən qurulur
Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
APA TV-nin xəbərinə görə, söhbət ümumi uzunluğu 24.7 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yollarından gedir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 22 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir.
Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.
Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub