Nərmin Balakişiyeva: "Mənə olan inam 700 bal toplamağıma təkan verdi"
Nərmin Balakişiyeva Bakının Xətai rayonundakı 29 nömrəli tam orta məktəbin məzunudur.
APA TV-nin xəbərinə görə, iyulun 18-də IV qrup üzrə keçirilən ali məktəblərə qəbul imtahanında Nərmin maksimum nəticə göstərib.
Nərmin bundan öncəki imtahanda 685 bal toplasa da, bununla qane olmayıb və növbəti imtahanda 700 bal toplayacağına söz verib: "700 bal toplamağımda mənə ən çox yardımçı olan məsələ ətrafımdakıların mənə olan inamı idi. Müəllimlərim, valideynlərim, dostlarım mənə çox inanırdı. Onlar mənə çox yardımçı oldular. Əslində özüm bir qədər narahat, həyəcanlı idim. Həm gözləyirdim, həm də qorxurdum. Birdən alınmaz deyə. Amma bunların hamısı sual kitabçasını açana qədər oldu. Kitabçaya baxdıqdan sonra həyəcan qalmadı. Hər şey yaxşı keçdi. Suallar gözlədiyim kimi idi. Çox çətin deyildi".
İmtahanda uğur qazanmaqda əsas rolu ətrafdakıların inamının oynadığını deyən Nərmin hər bir gəncimizi özünə inanmağa və istənilən halda məqsədləri uğrunda mübarizə aparmağa dəvət edib. 700 bal topladığını öyrəndikdə isə: "Biz çox sevindik. Birinci müəllimlərimə xəbər verdim. Ən birinci sinif rəhbərimə. Hamı çox sevindi. Amma yenə də bir az narahatlıq var idi. Bəlkə kodlaşdırmada nəsə səhv köçürtmüşəm. Cavablar çıxdıqdan sonra isə 700 çıxdı. Evdəkilər çox sevindilər".
Öz gələcək planlarından da danışan Nərmin təhsilini Tibb Universitetində davam etdirəcəyini bildirib: "Mən bakalavrı ölkəmizdə oxuyacağam. Müalicə işi ixtisası üzrə. Həkim olmaq istəyirəm. Xalqıma, millətimə yararlı. Uşaqlığımdan bəri əslində həm də valideynlərimin arzusu idi ki, mən həkim olum. Ona görə də başqa ixtisas seçmək... Bəzən ağlıma gəlirdi. Bəzən deyirdim bəlkə birinci qrupa verim. Bəlkə də kompüter mühəndisi olmağı çox istəyərdim, amma həkim olmaq çoxdankı arzum idi deyə, bu ixtisası seçdim".
Nərminin anası Elmira xanım isə sevincinin həddi-hüdudunun olmadığını və Nərmindən bu nəticəni gözlədiyini qeyd edib: "Bizim evdə Nərminə "get dərs oxu!" söhbəti olmayıb. Özü məsuliyyətli uşaq idi. Böyük qardaşı var. Qardaşına nəzarət olunurdu, Nərmində isə heç bir çətinliyimiz, əziyyətimiz olmayıb. Bu hissləri mən bütün valideynlərə keçirməyi arzu edirəm. O hissləri sözlə ifadə etmək olmaz. Nə bilim... Deyim ki, göyün 7-ci qatında idim... Bilmirəm..."
29 nömrəli tam orta məktəbin direktoru Mirdaməd müəllim isə deyib ki, Nərmin məktəblərinə bir neçə il əvvəl gəlsə də, ilk gündən bilik və savadda başqa şagirdlərdən fərqlənib. Bu səbəbdən direktor həmin andan etibarən Nərmini tam nəzarətdə saxlayıb: "Ümumiyyətlə, sınaq imtahanlarında o, 700 toplayırdı. Lakin 1-ci imtahanda 685 bal toplayanda mən bir qədər təəssüfləndim. Çünki onun potensialı 700 bal toplamağa imkan verir. İkinci imtahanda 700 bal topladıqda, mən bildim ki, Nərminin hələ uğuru qabaqdadır. Uğuru onu çox uzaqlara aparacaq. Ali məktəbdə onu böyük qələbələr gözləyir. Onun valideynləri də o uşaq üçün nə lazımdırsa, hər bir şəraiti yaratmışdılar. İstər dərsliklərlə təminatı, istərsə də məktəblə əlaqələri, sinif rəhbəri ilə sıx əlaqələri o uşağın fəaliyyətinə yüksək təkan vermişdi".
Sinif rəhbəri Xatirə xanım da Nərmindən bundan başqa nəticə gözləmədiyini deyib: "1-ci imtahanda Nərmin 685 bal topladıqda mən ondan soruşdum: "Qızım, davam edəcəksənmi?" Dedi, bəli. Bu o demək idi ki, onun məqsədi 700 baldır. Məqsədinə də çatdı. Biz isə məktəb rəhbərliyi ilə əl-ələ verib ona bu şəraiti yaratdıq. O da ümidlərimizi doğrultdu".
2013-cü ildə Təhsil Nazirliyi tərəfindən "ilin məktəbi" adına layiq görülən 29 nömrəli məktəbin rəhbərliyi isə önümüzdəki imtahanlarda daha bir neçə şagirdlərindən 700 bal gözləyir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub