XİN: Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

 

APA TV-nin məlumatına görə, bəyanatda Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyətinin yekdil mövqe ifadə etdiyi qeyd olunub.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, münaqişənin siyasi həllinə nail olmaq üçün əvvəlcə işğal aradan qaldırılmalı və “status-kvo” dəyişməlidir: “Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik".

 

Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə də bağlı açıqlama verib: “Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır”.

 

Hikmət Hacıyev əlavə edib ki, sabah Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Mövlud Çavuşoğlu ilə Elmar Məmmədyarov arasında təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR