Ağdam uğrunda nə qədər şəhid vermişik? - ANIM

Ağdam rayonunun ermənilər tərəfindən işğalından 25 il ötür.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, işğal nəticəsində rayonun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir.

 

143 min nəfər ağdamlı bu gün də köçkün həyatı yaşayır. Onların illərlə topladığı var-dövlət, eləcə də dövlətə məxsus idarə və müəssisələr bütün əmlakları ilə erməni işğalçılarının əlinə keçib. Ağdam rayonunun 1 şəhəri, 124 kəndindən 80 kəndi, 38 kolxoz və sovxozundan 26-sı, 129 səhiyyə obyektindən 105-i, 108 məktəb binasından 74-ü, 271 mədəniyyət evi və klubdan 199-u, 24 tikinti təşkilatından 24-ü, 67 idarə və müəssisənin 67-si, 16 sənaye müəssisəsinin 16-sı, 17 məscidin 14-ü ermənilər işğaldan sonra talan olunub.

 

İyulun 22-də aramsız atəşə məruz qalan Ağdam şəhəri 23 iyul 1993-cü ildə zəbt edilib. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov deyir ki, Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib: "Xocalı soyqırımından, Şuşanın və Laçının işğalından sonra Ermənistan hökuməti Laçın-Şuşa dərəsi ilə birbaşa Ağdama təzyiqi nəticəsində çox güclü potensiala malik Ağdam rayonu işğal olundu. BMT Təhlükəsizlik Şurası 6 gündən sonra - 29 iyul 1993-cü ildə Ağdam şəhərinin işğalını pisləyən, erməni hərbi birləşmələrinin şəhəri qeyd-şərtsiz tərk etməsi haqda qətnamə qeyd etsə də, hələ də yerinə yetirilmir".

 

Rayon sakini Hüseyn Bayramovun sözlərinə görə, Ağdamın işğalı nəticəsində köçkün düşmüş rayon əhalisi ölkənin 60-dan çox şəhər və rayonunda məskunlaşıb. Əhalinin sosial maddi rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərinin tapşırığı ilə xeyli işlər görülüb. Təkcə rayonun işğal olunmayan ərazisində 18 köçkün qəsəbəsi inşa olunaraq köçkünlərin ixtiyarına verilib. Məcburi köçkün qəsəbələrində inşa edilən uşaq bağçaları, təhsil və səhiyyə müəssisələrində köçkün ailələri işlə təmin edilib: "Ağdamın 3/4 hissəsi işğal olsa da, yerdə qalan hissəsində yüz min nəfərə yaxın əhali məskunlaşıb və bu gün də öz gündəlik həyatı ilə, zəhmətlə məşğuldur. Bu gün Ağdamın işğalından 25 il ötür. Amma nə qədər vaxt keçmiş olsa da, hər bir ağdamlının qəlbində, ürəyində, gündəlik həyatında Ağdamlı günləri yaşayır və o günlərə qayıdacağımız günləri səbirsizliklə gözləyirik".

 

Bu gün ağdamlılar rayonun işğal günündə bir araya gəlib, şəhidlərin xatirəsini əbədiləşdirən abidə kompleksini ziyarət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR