Göyçayda toy mərasimində 14 nəfər keyfiyyətsiz qidadan zəhərlənib

Göyçay rayonunda toy mərasiminə gələn qonaqlar arasında kütləvi zəhərlənmə baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Göyçay şəhərindəki restoranlardan birində keçirilən kiçik toy mərasimində qeydə alınıb.

 

Rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlu nəvəsi üçün təşkil etdiyi məclisdə qonaqlara özünün gətirdiyi yeməkləri və müxtəlif sexlərdə hazırlanmış sərinləşdirici şirələr təqdim edib. Şirələri içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə azyaşlıdır.

 

Xəstələr təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq kəskin ekzogen-qastrit diaqnozu təyin edilib.

 

Restoranın administratoru Ağamövsüm Ələsgərov APA TV-nin yerli bürosuna bildirib ki, ev sahibi restoranın mərasim zalını icarəyə götürdüyündən qonaqlara verilən şirələrin və yeməklərin keyfiyyətinə də məclis sahibi özü cavabdehlik daşıyır. Toy sahibi Ş.Cəfərov isə zəhərlənmə faktı ilə bağlı məsələyə münasibət bildirməkdən boyun qaçırıb.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR