Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, iclasda Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan və Rusiya Daxili İşlər nazirliklərinin, MDB İcraiyyə Komitəsinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, İnterpolun, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistanın daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib. MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycanın daxili işlər nazirinə həvalə olunub.

 

Şuraya sədrlik edən Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq, bu yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

 

Şuranın iclasında MDB İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, İnterpolun baş katibi Yurgen Ştok çıxış ediblər.

 

Nümayəndə heyətlərinin rəhbərləri gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Daha sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası daxili işlər nazirinin əmri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları təqdim edib.

 

Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR