Maştağa-Nardaran avtomobil yolu yenidən quruldu

Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.

 

APA TV-nin xəbərinə görə, bu layihələrdən birində artıq işlər tam olaraq yekunlaşdırılıb. 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  qısa müddətə və yüksək keyfiyyətlə əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

 

Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolunun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranmışdı. Bu isə sözügedən yolla hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik, yolun ensiz olması və piyadalar üçün səkilərin olmaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Aparılan yenidənqurma işləri ilə bu problemlər artıq geridə qalıb.

 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb. Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu aparılmaqla yeni yol yatağı, həmçinin  yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb.

 

Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv. m sahəyə yüksək keyfiyyətli asfalt-beton örtük salınıb.

 

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.

 

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR