Dövlət Gömrük Komitəsi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurdu

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev layihənin təşkil olunma məqsədi və yazılan yazılar barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb: "Bir-birindən maraqlı yazılarda gömrüyə nə qədər maraq göstərildiyi, informasiyanın nə qədər zəngin olduğu bizi sevindirdi. Bizi sevindirən başqa bir məqam isə sizin gömrük işinin təşkili ilə bağlı bu qədər biliklərə sahib olmağınızdır".

 

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın yaradılması tarixindən və mətbuatımızın bugünkü inkişafından danışıb. O, həmçinin qurumların şəffaflığının vacibliyini qeyd edib: "Əgər bir qurum gördüyü işi cəmiyyətə düzgün çatdırmaq istəyirsə, o, jurnalistika ilə bağlı mütəmadi olaraq işləməlidir. Jurnalistlərin isə hamısı gömrükdə baş verən prosesləri yaxşı bilmirlər. Buna görə də Dövlət Gömrük Komitəsi jurnalistləri bu proseslərlə daim məlumatlandırmalıdır".

 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu cür tədbirlərin vacibliyini və jurnalistlərin maarifləndirilməsində bu tədbirlərin xüsusi rolunu qeyd edib: "Əflatun müəllim çox gözəl qeyd etdi ki, yəqin burda orta yaşın nümayəndələri də var. Sovetlər Birliyi dövründə qəzetlər az da olsa, onların hər birində şöbələr var idi. Həmçinin də xüsusi müxbirlər var idi ki, hərənin öz sahəsi var idi və onlar da o sahədə peşəkar idilər".

 

"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı isə öz növbəsində jurnalistləri Milli Mətbuat günü münasibətilə təbrik edib və xəbərlərin hazırlanmasında əsas rolu "newsmaker"lərin, yəni xəbər mənbələrinin oynadığını qeyd edib. Vüsalə Mahirqızı əlavə edib ki, DGK ilə medianın sıxlaşan münasibətləri yaxşı bir tendensiyadır: "Vətəndaş biləndə ki, onun narahatlığı dövlət məmuru, dövlət qurumu tərəfindən qəbul olunur, reaksiya var, bu, artıq həmin quruma hörmət gətirir, yalnız başucalığı gətirir. Yaxud da gömrük keçid məntəqələrində olan nisbi sıxlıqla bağlı xəbərlər belə çox müsbət bir şeydir".

 

Trend İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev gömrük sahəsində keçirilən islahatlardan olduqca məmnun olduğunu qeyd edib.

 

Daha sonra jurnalistlər və yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.  

 

Qeyd edək ki, "APA Holdinq"in prezidenti Vüsala Mahirqızı mediadakı fəaliyyətinə görə xüsusi mükafatla təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR