“Ukrayna dairəsi”ndə təmir işləri yekunlaşdı
5 müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi və ölkənin ən böyük dairələrdən biri hesab olunan “Ukrayna dairəsi”ndə aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.
APA TV-nin xəbərinə görə, dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Ukrayna dairəsi boyu daim intensiv hərəkət müşahidə olunur. Xətai rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində təmir edilən dairə uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə dairənin asfalt-beton örtüyündə sürüşmə xarakterli deformasiyalar, qabarma və dağılmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olurdu. Məhz bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmirinə başlanıldı və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv. m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv. m sahəni əhatə edib.
Dairədə aparılan işlər zamanı kəsişən yollardan dairəyə rahat giriş-çıxışı təmin etmək üçün yeni yol ayrıcıları inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Bunun ardınca dairə boyu yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Kompleks şəkildə görülmüş bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.
Bu işlərin minimum narahatlıq yaratması üçün Dövlət Agentliyi tərəfindən işlər dairədə iki mərhələ çərçivəsində həyata keçirilib. Növbəti mərhələdə isə Məhəmməd Hadi küçəsinin "Həzi Aslanov" metro stansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidən qurulması işlərinə başlanacaq.
Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv. m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır, səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub