Masallıda ekoloji reyd: meşələri qıraraq ağac kömürü hazırlayıblar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi üzrə dövlət monitorinqi departamentinin əməkdaşları Masallı rayonunun Yolağac kəndi ərazisində reyd keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, monitorinq zamanı kənd sakinlərinin dövlət meşə fondunun hesabına şəxsi həyətlərində ağac kömürü hazırladıqları aşkar olunub.
Yolağac kəndi sıx meşələrlə örtülmüş dağların ətəyində yerləşir. Burada yaşayan sakinlər dövlət meşə fondunun ərazisindən gətirilən ağaclarla həyətlərində xüsusi hazırladıqları quyularda ağac kömürü istehsal edirlər. Yandırılan bu kömür quyularından ətrafa qatı tüstü buraxılır. ETSN-nin müfəttişi Cavidan Əliyev deyir ki, kənd ərazisində zəhərli havanın miqdarı yüksək olduğundan, burada çətinliklə nəfəs almaq olur: "Müəyyən etdik ki, bu kənddə fərdi yaşayış həyətlərində kütləvi surətdə ağac kömürünün hazırlanması üçün kömür quyuları yandırılır. Həmin kömür quyularının nəticəsində atmosferə və təbiətə, ümumiyyətlə, ətrafda yaşayan insanların sağlamlığına ciddi fəsadlar yaranır. Hazırda özümüz də burda ölçmələr aparmışıq. Monitorinqlər göstərib ki, atmosferdə olan karbon qazının miqdarı həddindən artıq çoxdur".
Atmosferə buraxılan qatı tüstünün insan orqanizmi üçün törətdiyi ziyanı nəzərə alsaq, Yolağac kənd sakinlərinin sağlamlıqlarında yarana biləcək problemləri təsəvvür etmək çox asandır. Görülən tədbirlərlə aşkar olunmuş qayda pozuntularına görə isə müvafiq qaydada akt və protokol tərtib olunur: "Təbii ki, həmin ağac kömürün hazırlanması üçün tədarük olunmuş oduncaq qanunsuz yolla gizli, yəni heç bir icazə sənədi olmadan vətəndaşlar tərəfindən meşədən gətirilərək tədarük olunur. Tərəfimizdən həmin vətəndaşlar barədə qanuna müvafiq qaydada akt və protokol tərtib edilir. Dövlət meşə fondunun mühafizəsi ilə bağlı aparılan bu araşdırmalar mütəmadi olaraq davam etdiriləcək".
Qeyd edək ki, fiziki şəxslər dövlət meşə fondu ərazisində ağac kəsərsə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndində 700 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub