Avropa İttifaqı ilə Dövlət Gömrük Komitəsinin birgə layihəsi başa çatıb

Bu gün Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin (DGK) birgə icra etdiyi "Ümumi Tranzit Proseduru Haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Haqqında Konvensiyaya qoşulmaq üçün Dövlət Gömrük Komitəsinə dəstək" layihəsinin yekun qiymətləndirilməsi ilə bağlı seminar keçirilib.

 

APA TV-nin məlumatına görə, DGK-da keçirilən seminarın açılış mərasimində komitənin sədri Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, komitənin sədr müavinləri, əməkdaşları və Avropa İttifaqının ekspertləri iştirak edib.

 

Seminarın məqsədi layihənin yekunları, Ümumi Tranzit Proseduru Haqqında Konvensiyaya qoşulmazdan əvvəl qanunvericiliyin, inzibati idarəetmə və informasiya texnologiyaları imkanlarına dair layihə qrupunun hazırladığı təklif və tövsiyələrin DGK-ya təqdim edilməsindən ibarət olub.

 

S.Mehdiyev layihənin birinci mərhələsinin başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib və ümidvar olduğunu bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələri bundan sonra daha da genişləndiriləcək.

 

K.Yankauskas DGK-nın rəhbərliyinə təmsil etdiyi qurumla həyata keçirilən səmərəli və işgüzar əməkdaşlığa görə təşəkkürünü bildirib. Layihə çərçivəsində görülən işlərə toxunan K. Yankauskas qeyd edib ki, məqsəd Azərbaycan gömrük sistemini daha da təkmilləşdirmək və ən müasir sistemlərə uyğunlaşdırmaqdır.

 

Daha sonra layihə qrupunun rəhbəri, Avropa İttifaqının eksperti Marian Kodak layihənin nəticələri və görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

 

Qeyd edək ki, seminar çərçivəsində milli tranzit qanunvericiliyinin və tənzimləyici çərçivənin təhlili, cari təşkilati strukturun təhlili və struktur dəyişiklikləri barədə təqdimatlar dinlənilib və müzakirələr aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR