Azərbaycanlılar xaricə niyə axın edir? - DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏN CAVAB

Bu gün Dövlət Miqrasiya Xidməti 6 aylıq hesabatını ictimaiyyətə təqdim edib.

 

APA TV-nin xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təqdim etdiyi hesabatda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi məsələlərlə bağlı görülən işlər barədə məlumat verib: "Bildiyiniz kimi, vətəndaşlar artıq yeni qanuna əsasən, ölkəyə daxil olduqdan 15 gün sonra olduqları yer üzrə qeydiyyata düşməlidirlər. Bu prosesin rahat və əlçatan olması məqsədilə tək DMX-nin regional mərkəzlərində deyil, eyni zamanda respublika üzrə bütün "ASAN Xidmət" mərkəzlərində də həyata keçirilməsi təmin edilib".

 

Vüsal Hüseynov ölkəyə gələn əcnəbilərin iş icazələri ilə bağlı məsələlərdə sahibkarlarla daimi əlaqədə işlədiklərini vurğulayıb: "Son 2 ayda 4 dəfə sahibkarlarla kütləvi görüşlərdə iştirak etmişik. Onların narahatlıqlarını öyrənmişik. Paralel olaraq DMX yanında iş icazələri və ümumiyyətlə, miqrasiya qanunvericiliyinin sahibkarlıq fəaliyyətinə təsirinin qiymətləndirilməsi üzrə məşvərətçi şura yaradılıb ki, həmin şurada da ölkəmizdə olan konfederasiyalar şurasının təmsilçiləri iştirak edir. Almaniya, Türkiyə və digər iri xarici şirkətlərin nümayəndələri bu şurada təmsil olunurlar".

 

Ölkəmizə gələn qanunsuz miqrantların qarşısının alınması üçün elektron fəaliyyətlərin artırıldığını qeyd edən xidmət rəisi onların gələcəkdə ölkəyə girişlərinə məhdudiyyətlərin qoyulduğunu diqqətə çatdırıb: "Bəzi hallarda məlumatsızlıq səbəbindən hallar baş verə bilir. Əcnəbi ölkəmizə səfər edərkən sərhəd-buraxılış məntəqələrində bu barədə məlumat alırdı və onun ölkəyə girişi təmin edilmirdi. Bu da narahatlıqlar yaradırdı. Yeni xidmətlərimizdə isə əgər əvvəl əcnəbi bizə müraciət edirsə, indi biz özümüz əcnəbiyə ölkəyə girişində məhdudiyyət olduğu barədə məlumat göndəririk".

 

Vüsal Hüseynov prezident İlham Əliyevin miqrasiya qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləməsindən sonra qüvvəyə minən yeni qaydalar barədə də məlumat verib: "Əvvəlki praktikaya əsasən, əcnəbi ölkədə miqrasiya qanunvericiliyini pozmuşdusa və ölkəni tərk edərkən onun müvafiq cərimələri ödəmirdisə, o şəxsin ölkəyə girişinə müəyyən müddətdə məhdudiyyət qoyulurdu. Həmin şəxs ölkəyə qayıtdıqda isə narahatlıqlar yaranırdı. Yeni qanuna əsasən, qanunvericiliyi pozan əcnəbinin cəriməni ödəyənə qədər ölkəyə girişində məhdudiyyət olur".

 

6 aylıq hesabata əsasən, bu ilin I rübü ərzində 1 324 075 əcnəbi ölkəyə daxil olub, onlardan 347 767-si olduğu yer üzrə qeydə alınıb. Daimi yaşamaq üçün icazə verilmiş əcnəbilərin sayında 25% artım qeydə alınıb, ümumilikdə isə ölkədə 32 648 nəfər müvəqqəti, 11 288 nəfər isə daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var. Bundan başqa, ölkəmizdə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23% artım müşahidə olunur ki, onların da əksəriyyəti Pakistan, İran və Əfqanıstandan gəlib.

 

Son dövrlərdə ən aktual məsələlərdən biri vətəndaşlarımızın xaricə axın etməsidir. Bəs DMX xaricə gedən vətəndaşlarımız və onların problemləri ilə maraqlanırmı? Ümumiyyətlə, Azərbaycan vətəndaşları xaricə hansı məqsədlərlə gedirlər?

 

Vüsal Hüseynov bu suala belə cavab verib: "Bizdə statistika var ki, vətəndaşlarımız ən çox hansı ölkələrə, hansısa ümidlərlə üz tuturlar. Bu cür axının getməsinə burada müəyyən kanallar, müəyyən qeyri-qanuni işlər görən şirkətlər də var ki, onlar insanları hansısa yollarla ölkədən çıxarırlar. Ancaq bir müddət sonra həmin şəxslər ya orada vəd olunduqları işlə təmin olunmurlar, yaxud status alacaqları ilə bağlı vədlər həqiqət olmur. İnsanlar bu mifin acı reallığını gördükdən sonra onların ölkəyə qayıtması zərurəti yaranır".

 

Xarici vətəndaşlığı olan soydaşlarımızın da ölkədə daimi yaşamaq üçün icazə almaları barədə problemləri olduğu qeyd olunsa da, Vüsal Hüseynov onlara qanuna müvafiq qaydada icazələrin verildiyini deyib: "Qanun onun 2-ci daimi yaşama icazəsi aldıqdan sonra vətəndaşlıq almasına icazə verir. Bu halda DMX bu sənədləri Vətəndaşlıq komissiyasına təqdim edir. Bizdə ailələr var ki, onun həyat yoldaşı azərbaycanlıdır, 2-3 övladı da var. Təbii ki, bu cür müraciətlərə DMX müsbət rəy verir. Komissiya isə bu cür şəxslər barədə qərar qəbul edir".

 

Vətəndaşlar isə Dövlət Miqrasiya Xidmətində üzləşdikləri rəftardan və qanunvericiliyə son dəyişikliklərdən razıdırlar: "Bacım qızı Gürcüstan vətəndaşıdır, amma burada böyüyüb, atası da burada müəllim işləyib. Heç cür ona vətəndaşlıq ala bilmirdik. İki körpə uşaqla dəfələrlə müraciət etməyimizə baxmayaraq, hər dəfə ona imtina gəlirdi. Onun adı kartotekada olmasına baxmayaraq, yoxlanılmırdı. Dəyişikliklərdən sonra isə Vüsal müəllim sərəncam verdi ki, bizim işimizə düzgün baxılsın. Artıq işimizə baxıldı. Nəhayət ki, mən burdan sevinə-sevinə evə gedirəm".

 

Bəs qanuna edilmiş dəyişikliklərdən sonra miqrasiya fəaliyyətində nə kimi dəyişikliklər baş verdi?

 

Bu sualı hüquqşünas Ülvi Əhmədov cavablandırıb: "Miqrasiya Milli Məcəlləsinə əsasən, olduğun yer üzrə qeydiyyatın müddətinin artırılması əvvəlki qanunvericiliyə görə bu, 10 gün müddətində idisə, indi 15 gün nəzərdə tutulur. Əmək vizaları ilə də bağlı qanunvericiliyə dəyişiklik olundu. Elektron viza sistemi var. Bu sistemə yalnız turist vizası almaq üçün müraciət etmək olardı. Son dəyişikliklərə görə, artıq Azərbaycana əmək məqsədilə gəlmək istəyirlərsə, artıq bunu da elektron qaydada həyata keçirə bilərlər".

 

DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Fizuli İsmayılov isə vətəndaşların ən çox hansı məqsədlərlə müraciət etdikləri barədə məlumat verib: "Son dövrlərdə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətlərin sayında artım var. Bu məsələlər araşdırılır. Vətəndaşlar bəzən əllərində hansısa sənədləri var və ya köhnə sovet pasportları ilə, doğum şəhadətnamələri ilə yaxınlaşırlar. Onların Azərbaycan Respublikasına mənsubiyyətinin müəyyən edilməsi DMX-nin səlahiyyətlərindədir. 20 gün ərzində o müraciətlərə baxılır və heç bir dövlət rüsumu ödənilmir bunun üçün. Müvəqqəti və daimi yaşamaq üçün müraciətlərin edilməsi də davam edir və gündəmdədir".

 

Yaxın vaxtlarda DMX-nin fəaliyyəti və funksiyalarının tam şəkildə elektronlaşdırılması gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR