Vəkil andı - REPORTAJ
Könül Yaqubova artıq vəkildir. Peşəsinin vurğunudur. Deyir ki, həyatda zəhmətsiz onsuz da heç nə əldə etmək mümkün olmur. Elə buna görə də peşəsində layiqincə çalışmaqda israrlıdır: "İmtahanlar çox şəffaf şəraitdə keçirildi. Bunun üçün prezident İlham Əliyevə təşəkkür edirəm. Çünki uzun müddətdir imtahanlar keçirilmirdi. 3-4 ildən bir vəkillər üçün imtahan keçirilirdi. Vəkillər Kollegiyasına yeni sədr təyin olunduqdan sonra imtahanlar yüksək səviyyədə və şəffaf keçirildi. Çox sevindiricidir ki, 2000-dən çox namizəd arasından seçildik. Növbəti mərhələlər də asan olmadı, oxuduq, əziyyət çəkdik və uğurlu imtahan verdik".
Könül xanım deyir ki, qadın üçün vəkil olmaq heç də asan deyil. Amma nəzərə alsaq ki, qadınlar daha tez dil tapır, onda vəkil kimi fəaliyyət göstərmək o qədər çətin olmayacaq: "Bilirsiniz ki, vəkillik vəzifə deyil, peşədir. Bunun üçün də qadın üçün öz özəllikləri var. Axı qadınların evdə, ailədə də missiyaları var. Əslində bu peşəyə sahiblənmək üçün çəkdiyimiz əziyyətdə biz bunu nəzərə almışdıq. Vəkil insanların hüququnu, geniş əhali təbəqəsini müdafiə edir. İstənilən şəxsin konstitusion hüququdur müdafiə olunmaq. Biz birbaşa insanların hüququnu müdafiə edirik. Qadınlar daha ünsiyyətcil olduqları üçün vəkil kimi də uğurla çalışacaqlarına əminəm" .
Vəkil Anar Bayramov da hesab edir ki, dinindən, dilindən, irqindən və həyat tərzindən asılı olmayaraq, hər bir insanın müdafiə olunmaq haqqı var: "Peşəkarlıq sırf ondan ibarət olmalıdır ki, vəkil insanların şəxsiyyətini eyniləşdirilməməli, nə də insanların şəxsiyyətinə və törətdiyi əməllərə göstərilən hüquqi yardımda emosional yanaşma olmamalıdır. Əgər biz bir insanın vəkiliyiksə, qanunların bizə imkan verdiyi formada digər meyarları kənara qoymaqla, maddi imkanları və şəxsi keyfiyyətləri də daxil olmaqla biz bu haqda düşünməməliyik. Biz qanunların üstün tutulması və insanların demokratik cəmiyyətdə normal yaşaması üçün çalışmalıyıq".
Bəli, bu gün 266 nəfər vəkilliyə namizəd vəkil andı içib.
APA TV-nin məlumatına görə, beləliklə də Azərbaycanda vəkillərin sayı 1500 nəfəri ötüb. Bununla bağlı keçirilən tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, 3 ay əvvəl Azərbaycanda 10 min nəfərə 9 vəkil düşürdüsə, bundan sonra 10 min nəfərə 15 vəkil düşəcək.
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə keçirilən andiçmə mərasimində bundan sonra Azərbaycanda 30 iyul tarixinin vəkillərin peşə bayramı günü kimi qeyd olunacağı vurğulanıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkillərin peşə bayramının təsis olunması zəruridir və bununla əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən çoxsaylı arxiv sənədləri üzərində aparılan araşdırma və təhlillər nəticəsində 1919-cu ilin 30 iyul tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması tarixi olmasını əsas götürərək, həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Vəkillər Kollegiyası Rəyasət Heyətinə təklif edib: "Bizim ən mühüm problemlərimizdən də biri bu olub ki, peşə bayramımız olmayıb. Təsəvvür edin, bütün peşələrin bayram günü var, yalnız vəkillərdən başqa. İllər boyu bu problemləri vəkillər də dilə gətirib. Bununla bağlı Rəyasət Heyətində xüsusi məsləhətləşmələr apardıq, məlum oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə vəkillər palatası mövcud olub".
Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında bu barədə qərar yekdilliklə qəbul olunub: "Qürurverici hal ondan ibarətdir ki, namizədlərin tam əksəriyyəti - 82,4 faiz namizəd məhz 40 yaşına kimi olan namizədlərdir. Yəni cavan namizədlərdir. Əvvəllər Vəkillər Kollegiyasına, məlum olduğu kimi, yaşlı hüquqşünaslar üz tuturdular. Bu sevindiricidir ki, bu gün gənclər vəkilliyin gələcəyinə etibar etdilər. Siz bizə yeni güc verirsiniz, yeni nəfəs verirsiniz. Əminəm ki, Vəkillər Kollegiyası ölkədə daha böyük nüfuza malik olan güclü təşkilata çevriləcək".
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında son aylar ərzində vəkillik sahəsində gözəçarpan islahatların aparıldığını, bununla bağlı Azərbaycan prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamının xüsusi əhəmiyyəti olduğunu, o cümlədən gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.
Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti barədə məruzə edib.
Tədbirdə “Hüquq sahəsində qlobal trendlər”, “Cinayət mühakimə icraatında vəkil araşdırması” mövzusu ilə də bağlı çıxışlar olub. Həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “elektron vəkil kabineti” təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda vəkillərə yeni vəsiqələr təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub