Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda polipropilen zavodunu işə saldı

Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. APA TV-nin məlumatına görə, prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

 

Polipropilen zavodunun yaradılmasını İtaliya-Azərbaycan dostluğunun təzahürü kimi qiymətləndirən prezident İlham Əliyev bildirib ki, polipropilen zavodu və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək.

 

Dövlət başçısı əmin olduğunu bildirib ki, bu zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Prezident İlham Əliyev deyib ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Amma biz istəyirik ki, ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq. Dövlət başçısı gələcək sənaye inkişafımızla bağlı bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələrinin yaradılacağına ümid etdiyini bildirib.

 

İtaliya prezidenti Sercio Mattarella isə qeyd edib ki, bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan-İtaliya biznes forumunun keçiriləcəyini xatırladan İtaliya prezidenti ümid etdiyini bildirib ki, bu forum çərçivəsində yeni münasibətlərin əsasları qoyulacaq.

 

Sonra “SOCAR Polymer” şirkətinin fəaliyyəti və burada həyata keçirilən layihələrdən bəhs edən qısa film nümayiş olunub.

 

Daha sonra Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella polipropilen zavodunu işə salıblar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR