Abituriyentlərin sınaq günü - REPORTAJ

Bu gün sınaq günü idi. I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sınaq günü...

 

APA TV-nin məlumatına görə, 26 332 abituriyentdən 21 734-ü I qrup, 4598-i isə IV qrup üzrə imtahan verib. Onlardan 15 496-sı oğlanlar, 10 836-sı isə qızlardır.

 

APA TV-nin çəkiliş qrupu paytaxtın Nəsimi rayonun ərazisində yerləşən 159 nömrəli tam orta məktəbdə müşahidə aparıb. Qapının önündə məzunlardan müsadirə olunan əşyalar arasında su, salfet, ağardıcı qələm və s. var idi. Sinif otaqlarında isə imtahan öz axarı ilə davam edirdi. Kimi hələ də sualları çözməyə çalışırdı, kimi də zaman darlığını nəzərə alıb cavab kartında kodlaşdırmanı yekunlaşdırmağa…

 

Öyrəndik ki, imtahan vaxtında başlayıb. Heç bir neqativ hal aşkarlanmayıb. Yalnız imtahandan öncə abituriyentlərdən biri həyəcanlanıb. Təcili yardım briqadasının yardımından sonra o, imtahana buraxılıb.

 

Nəzarətçilər də şifahi şəkildə bildirdilər ki, imtahan normal keçir.

 

Və nəhayət, saat 14.00-da imtahan bitdi.

 

Qapının önündə hər zamankı kimi izdiham yaşanırdı. Ən azı abituriyentlər qədər həyəcan keçirən yaxınları onların binadan çıxmasını səbirsizliklə gözləyirdilər. Kimi hasardan boylanır, kimi də darvazanın yanında gözləyirdi.

 

İmtahandan sonrakı mənzərədə sözün əsl mənasında emosiyalar bir-birinə qarışmışdı. Sualları müzakirə edənlər, imtahanın yaxşı keçdiyinə əmin olan abituriyentlərin sevinci, övladı ilə bərabər ağlayan valideynlər və s.

 

Qeyd edək ki, bu gün keçirilən imtahanlar zamanı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları 9 nəfərə kömək ediblər. Onlardan 3-ü abituriyent, 6 nəfəri isə valideyndir. Abituriyentlər tibbi yardımdan sonra sınağa buraxılıblar. O ki qaldı nəticələrə, iyulun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

Haqqı çatan abituriyentlərə tələbə adını qazanmağı arzu edirik.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR