İtaliya prezidenti Bakıda - DÖRD SƏNƏD İMZALANDI
Azərbaycana rəsmi səfərə gələn İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdiriblər.
Sonra Azərbaycan prezidenti İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatandan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə” imzalanıb.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İtaliya prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub