Bakıda yaşlı qadının çantasını qaçırdılar

Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib. APA TV-nin xəbərinə görə, bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verib.

 

O, izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək, əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.

 

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

 

25-ci PŞ-nin təhqiqatçısı Rüfət Bünyadzadə bildirib ki, şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Qabil Əleyman oğlu Hacıyev saxlanılıb. O, istintaqa təqdim olunub.

 

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR