Mərdəkan-Qala avtomobil yolu təmir olunur
Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.
APA TV-nin xəbərinə görə, bu layihələrdən biri 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpasıdır.
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 8-13-cü km-ni əhatə edən Mərdəkan-Qala hissəsi uzun müddət istismar olunduğuna görə tam uzunluq boyu deformasiyaya uğramış, çoxlu çatlar əmələ gəlmiş, bir çox hissələrdə asfalt-beton örtük tamamılə dağılmışdı. Yol boyu çiyinlərin bərkidilməsi, həmçinin əhalinin təhlükəsiz hərəkəti üçün səkilərin inşasına zərurəti yaranmışdı. Bütün hərəkət iştirakçılarının rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda kompleks tədbirlərə start verilib.
Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılır.
AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərinin tikilməsinə ehtiyac var. Bu məqsədlə yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılacaq. Bundan başqa, layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv. m mühafizə divarlarının tikilməsi nəzərdə tutulub.
Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədəd işıq dirəkləri quraşdırılacaq, 1200 kv. m sahədə yol ayrıcı və yol birləşmələri təmir ediləcək. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 15 km uzunluğunda yol-cizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə təmir-tikinti işlərinin tərtib olunmuş qrafikə uyğun payız aylarında yekunlaşdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub