“100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filmi təqdim olunub

Media İnkişaf Mərkəzi “100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filminin təqdimatını keçirib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış film Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman ərzində Azərbaycan Milli Ordusunun Qarabağda erməni separatizminə və aqressiyasına qarşı apardığı mübarizədən bəhs edir.

 

Media İnkişaf Mərkəzinin sədri Qabil Abbasoğlu bildirib ki, tariximizin bu qəhrəmanlıq səhifəsinin yeni nəslə çatdırılması üçün həmin dövrün həqiqətlərinin geniş və müasir informasiya vasitələri ilə təqdimatına ehtiyac var. Ona görə də təşkilat 1918-1920-ci illərdə Cümhuriyyət Ordusunun erməni zülmünə və separatizminə qarşı apardığı şərəfli mübarizənin tarixi barədə sənədli film hazırlamaq qərarına gəlib. Qabil Abbasoğlu QHT-lərə Dövlət Dəstəyi Şurasına belə bir ideyanın gerçəkləşməsinə dəstək verdiyi üçün təşəkkürünü bildirib.

 

Araşdırmaçı jurnalist İlham Tumas bildirib ki, Cümhuriyyət dövrü ilə bağlı çəkilən filmlərin ən böyük çətinliyi həmin dövrlə bağlı görüntülərin olmamasıdır.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli isə bu cür filmlərin araya-ərsəyə gətirilməsinin vacib nüanslardan olduğunu vurğulayıb.

 

Hərbi və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı deyib ki, Cümhuriyyətin 100 illiyinin qeyd olunduğu günlərdə bu cür filmlərlə tamaşaçıları sevindirməyin özü alqışa və təqdirəlayiqdir.

 

Sonra tədbirdə iştirak edən ziyalılar, keçmiş döyüşçülər, QHT təmsilçiləri və media nümayəndələri filmlə bağlı öz rəylərini bölüşüblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR