Bakının Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir olunub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işlərini sürətlə və keyfiyyətlə davam etdirir.
APA TV-nin xəbərinə görə, artıq küçənin 2.8 km-lik hissəsində işlər tam olaraq yekunlaşdırılıb. Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır.
Məhəmməd Hadi küçəsinin 6 hərəkət zolaqlı olmaqla köməkçi yolla bərabər uzunluğu 4.4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metro stansiya ("Əhmədli" və "Həzi Aslanov" metro stansiyası) və bir neçə istiqamətdən gələn yolların kəsişdiyi böyük bir dairə (Ukrayna dairəsi) yerləşir. Bu üzdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur.
Küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və bu üzdən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
Artıq küçənin təqribən 2800 m-lik hissəsində təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Layihəyə uyğun olaraq kanalizasiya quyularının yenidən qurulması, 14 ədəd yeni quyu qapaqlarının quraşdırılması, həmçinin səth sularının kənarlaşdırılması üçün 150 mm diametrində 110 p/metr uzunluğunda drenaj boruların çəkilməsi və 14 ədəd yağış barmaqlıqlarının quraşdırılması işləri də görülüb.
Bundan başqa, təmir-tikinti işləri çərçivəsində müxtəlif hərəkət istiqamətləri arasında yeni ayrıcı zolaq inşa edilib, kənarlarına 5500 p/metr yeni səki daşı düzülüb və 736 kv. m bəzək daşı döşənib. Yolun işıqlandırılması üçün ayrıcı zolaqda 61 ədəd yeni işıq dirəyi quraşdırılıb. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 4 min kv. m sahədə yeni səki inşa edilib, kənarlarına isə 6500 p/metr yeni səki daşları düzülüb.
Tikinti norma və standartlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında təmir işləri yekunlaşdırılmış ərazidə əsas və köməkçi yollara 63 min kv. m sahəyə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton örtüyü döşənib, yol boyu zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır. Bu hissədə işlər lazımi sayda qüvvə cəlb olunmaqla yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Yaxın günlərdə bu işlər yekunlaşan kimi dairənin digər hissəsində işlərə start veriləcək. Ümumilikdə dairənin 28 min kv. m sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv. m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır, səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.
Bundan başqa, küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub. Həmçinin küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.
Tikinti layihəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir. Asfaltlanma işləri 135 min kv. m sahəni əhatə edəcək. Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulan işlərdəndir.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub