Bakıda çökən yolun altında bina olub - İKİ QURUM QARŞI-QARŞIYA

İyulun 15-də paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yol çöküb. APA TV-nin xəbərinə görə, bu hadisə sosial şəbəkələrdə böyük əks-səda doğurub.

 

Çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb. Ərazidə işləyən fəhlələrdən öyrəndik ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır.

 

Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir.

 

Hazırda bərpa işləri ilə əlaqədar olaraq əraziyə texnika və asfalt örtüyünün bərpası üçün zəruri olan materiallar gətirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaranan çöküntünün aradan qaldırılması ilə bağlı qızğın iş gedir.

 

Ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri də baxış prosesində iştirak edirlər.

 

Sakinlər hadisəni Cəlil Məmmədquluzadə küçəsində yerləşən metro stansiyasını  tunellərinin inşası ilə əlaqələndirsələr də, məsələyə münasibət bildirən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, görülən işlər 2016-cı ilin yanvar ayında başa çatdırılıb: "Bakı Metropoliteni" QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meydançasına və tunellərə təkrar baxış keçiriblər. Həmin ərazidə inşa olunan "B-04" stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alınıb, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz".

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edib ki, Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

 

Şərti adı "B-04" olan metro stansiyasının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

 

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından, müvəqqəti yolda çökmə baş verib. Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

 

Anar Nəcəfli deyib ki, çökmə qeydə alınan hissə "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil. Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR