Əli Həsənov: "Azərbaycan xalqı və iqtidarı o gecə səhərə qədər yatmadı"
Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə Türkiyə səfiri Erkan Özoral, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə 15 iyul şəhidləri 1 dəqiqəlik sükutla yad edilib, daha sonra hər iki ölkənin himnləri səsləndirilib.
Türkiyədə 15 iyul hadisələrinə dair "TRT" telekanalının hazırladığı filmin nümayişi olub.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, 15 iyulda türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini dünyaya elan edib: "15 iyul milli dastanımızdır. Bu dastanla nə qədər qürur duysaq, azdır. 15 iyul hadisələrini həyata keçirənlər 40 ildir ki, gizli bir təşkilatlanmanın içərisindədirlər. Onların əsas özəlliyi isə xain olmaları idi. Buna baxmayaraq, millətimiz demokratiyaya sahib çıxdı. 15 iyul tarixində bunu bütün dünyaya sübut etdi. Heç kim türk millətinin iradəsinə zəncir vura bilməz. Bu günlərdə isə yenə islam dini ilə heç bir əlaqəsi olmayan, müsəlmanlıqdan kənar bəzi qüvvələr Azərbaycanda iğtişaş yaratmaq fikirindədirlər. 15 iyulda olduğu kimi. Bu xainlər də bilməlidirlər ki, türk milləti, Azərbaycan xalqı öz düşmənləri və xainləri ilə mübarizı apara biləcək gücdədir".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında Türkiyədə 15 iyul hadisələrində şəhid olanların Türkiyənin qəhrəmanlıq salnaməsində yeni bir dövr başlatdıqlarını qeyd edib və bir müddət öncə Azərbaycanda da buna oxşar hadisənin baş verdiyini vurğulayıb: "2016-cı ilin 15 iyul gecəsi, qardaş Türkiyədə yaşanan bu hadisələri nə qədər həyəcanla, ürək ağrısı ilə seyr etdiyimizin burda oturanların hamısı şahididir. O gecə səhərə qədər Azərbaycan xalqı yatmadı, Azərbaycan iqtidarı yatmadı. Prezident İlham Əliyev səhərə qədər o hadisələri seyr etdi və nəinki seyr etdi, öz köməyini əsirgəmədi. Türkiyə hökumətinə, dövlətinə Azərbaycanın nə edə biləcəyi ilə bağlı mesajlar göndərdi. Bir neçə gün öncə Gəncə şəhərində yenə Azərbaycan dövlətinə, dövlətçiliyinə əl qaldırmaq istəyən xainlər dövlətçiliyimizi təhdid ediblər və 2 polis zabitimizi qətlə yetiriblər. Onlara da rəhmət diləyirəm. Onlar da Azərbaycan polis tarixinə adlarını qızıl hərflərlə qeyd etmiş zabitlərdir".
Əli Həsənov 15 iyul hadisələrinin 1990-cı ildə Bakıda baş verənləri xatırlatdığını diqqətə çatdırıb: "O gecənin şahidləri yaxşı xatırlayır ki, biz bu tipli tarixləri yaşamışıq. Kadrlarda gördüyünüz olaylar 1990-cı ilin yanvar ayında Bakı şəhərini, bax, beləcə qanına qəltan eləyən düşmən qüvvələr idi. Amma bir fərq onda idi ki, Türkiyədə bu qanlı faciəni törədənlər türk idilər, yolunu azmış türk əsgərlərinin bir qismi idi. Amma 90-cı ildə Bakını qana bulayanlar, baş verməmiş erməni qırğınlarını dayandırmaq istəyən, amma əslində başqa ad və geyimlə yeridilən erməni əsgərləri və ya erməni xislətli yad əsgərlər idi".
İqtidar-xalq vəhdətinin vacibliyini qeyd edən Əli Həsənov dünya tarixində heç bir qüvvənin milli iradəyə qalib gələ bilməyəcəyini vurğulayıb: "1994-cü ilin oktyabr ayında, 1995-ci ilin mart ayında Azərbaycan xalqının iradəsini ifadə edən prezident Heydər Əliyevi devirmək üçün buna oxşar bir hadisə baş verdi. O zaman da Azərbaycan ordusunun, Daxili Qoşunlarının, polisinin tərkibində yuva salmış xainlər dövlətə dövlətçiliyə qarşı silah yönəltdilər. Heydər Əliyev bu zaman nə etdi? Onların qarşısına silahla deyil, xalqın iradəsi ilə çıxdı. Onun çağırışı ilə onlarla, yüzlərlə, yüz minlərlə vətəndaş sinəsini sipər edərək silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxdılar və onları tərk-silah etdilər".
Çıxışının sonunda Əli Həsənov Heydər Əliyev və Mustafa Kamal Atatürkün təməlini qoyduğu "bir millət, iki dövlət" ideyasının daim yaşayacağını qeyd edib və 15 iyul şəhidlərinə görə bütün türk xalqına başsağlığı verib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub