Neft həftəni bahalaşmaqla yekunlaşdırdı

Birjaların son iş günündə xam neftin qiymətləri bahalaşıb.

 

APA TV-nin məlumatına görə, qiymətlərə müsbət təsir edən amillərdən biri İranda istehsalın azalmasıdır.

 

Bu ölkədə iyun ayında xam neft istehsalı may ayına nisbətən gündəlik 22 min 700 barel azalıb. Həmçinin ABŞ İranın neft ixracına mane olur. Tətbiq olunan sanksiyalardan sonra Hindistan İrandan neft idxalını dayandırıb.


ABŞ-da isə fəal neft quyularının sayı ötən həftə dəyişməyib. Quyuların sayı artdıqca istehsal da artır. Bu isə bazara daha neftin çıxarılması deməkdir.

 

OPEC ölkələrində istehsalla bağlı problemlərə görə yaranan kəsiri aradan qaldırmaq üçün fəaliyyətə keçən Səudiyyə Ərəbistanında neft istehsalı gündəlik 405 min barel artıb. ABŞ prezidenti Donald Tramp həm OPEC-ə, həm də Səudiyyə Ərəbistanına açıqca təzyiq göstərərək istehsalı artırmağı və qiymətləri azaltmağı tələb edir. OPEC ölkələrinin gündəlik artımı isə 173 min bareldir.

 

Səudiyyə Ərəbistandan sonra istehsalı artıran ikinci ölkə İraq olub. İraq iyun ayında gündəlik 4 milyon 533 min barel neft istehsal edib.

 

"Brent" markalı neftin bir bareli ötən gün 75,82 dollara qədər bahalaşıb. 1,7 dollarlıq bahalaşmadan sonra birjaların son iki saatında qiymətlər 1 dollar ucuzlaşıb. Qərbi Texas nefti də ciddi bahalaşmadan sonra yenidən ucuzlaşıb. WTI neftinin son qiyməti 70,56 dollar olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR