Səfir: "Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb"

“FETÖ terror təşkilatına ağır zərbələr vurulub. Türkiyədə də, Azərbaycanda da FETÖ terror təşkilatının beli qırılıb. Bundan sonra da FETÖ təşkilatına qarşı mübarizə davam etdiriləcək”. 


APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 
 
Səfir qeyd edib ki, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman səmimi olub. Məhz buna görə də o, Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.

 

FETÖ terror qruplaşmasına qarşı mübarizənin Türkiyədə hələ də davam etdiyini qeyd edən səfir dünyanın 30 ölkəsində FETÖ məktəblərinin və tərəfdarlarının təqib olunduğunu, 250 mindən çox şəxs barədə məhkəmə proseslərinin başlandığını, 180 minə qədər dövlət işçisinin vəzifədən uzaqlaşdırıldığını və onlar barədə araşdırmaların davam etdiyini vurğulayıb: "Təşkilat haqqında bu məlumatların əldə edilməsində bizə kömək edən əsas vasitə onların aralarında xəbərləşmək üçün istifadə etdikləri "Bylock" adlı proqram sındırıldı. Xəbərləşmə proqramından əldə etdiyimiz məlumatlar əsasında isə 250 minə yaxın şəxsin təşkilatla bağlantıda olduğu məlum oldu. Hətta onlar bu proqramın deşifrə olunmaması üçün müxtəlif vasitələrdən istifadə ediblər. Bundan əlavə, təşkilatla əlaqəsi olmayan şəxsləri də aldatmaq üçün müxtəlif proqramlar vasitəsilə onların telefonlarından təşkilatın üzvlərinin sayının artırılmasında istifadə edirdilər"

 

Səfir açıqlamasında Fəthullah Gülənin Türkiyəyə qaytarılması məsələsinə də toxunub: "Onun Türkiyəyə qaytarılması üçün ABŞ-dan olan səlahiyyətli şəxslərlə danışıqlarımız davam edir. Bu gün ABŞ-dan bu məsələ ilə əlaqədar bir heyət Türkiyəyə gəlib. Danışıqlar davam edəcək. Biz öz tələbimizdə haqlıyıq. Haqlı olduğumuzu da bilirik. Ona görə də bu tələbimizdə sonuna qədər davam edəcəyik. Mən əminəm ki, əvvəl-axır Fəthullah Gülən Türkiyəyə qaytarılacaq".

 

Mətbuat konfransının sonunda Erkan Özoral Gəncədə baş verən hadisələrlə bağlı terrora qarşı mübarizədə hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını diqqətə çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR