Prezident: "Gəncədəki terror aktları İslam dininə qarşı ən böyük cinayətdir"
Azərbaycan prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev iclasda çıxış edib: “İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir. İki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb. Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda İslam Həmrəyliyi İli elan edilib”.
Prezident qeyd edib ki, Azərbaycanda dövlət vəsaiti hesabına tarixi, dini abidələr bərpa olunub. Onun sözlərinə görə, bu cinayətkarlar müsəlman deyillər: “Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycan bundan sonra inkişaf, tərəqqi yolu ilə gedəcək. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.
Prezident İlham Əliyev qeyd edib ki, xalq iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz: “Gündən-günə bizim gücümüz artır, potensialımız güclənir. Bizim uğurlarımıza kölgə salmaq istəyən qüvvələr müxtəlif üsullardan istifadə edir. Bizə qarşı çirkin kampaniyalar aparılır. Yalan, qarayaxma, iftira üzərində qurulan kampaniyaların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Çünki Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Sonuncu prezident seçkiləri də bunu bir daha əyani şəkildə sübut etdi. Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Son 15 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu əyani surətdə sübut etdi”.
Prezident qeyd edib ki, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: "Bizə qarşı xarici mərkəzlərdən idarə olunan media qurumları vasitəsilə qaralama kampaniyaları aparılır. Bunun da səmərəsi olmayacaq. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malikdir. Bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, iradəmizə şər qüvvələr təsir edə bilmir. Onların əlində terrordan başqa heç nə qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəllər də keçməyib. Azərbaycan öz gücünü göstərir və bundan sonra da göstərəcək. Cinayətkarların hamısı məsuliyyətə cəlb olunacaq və məhkəmə, xalq, ədalət qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün kifayət qədər gücümüz var. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı. Bu gün NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi. Azərbaycan dünyada böyük hörmətə malikdir”.
Sonda hüquq mühafizə orqanlarının rəhbərləri törədilən cinayətlərlə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri və atılacaq addımlar barədə dövlət başçısına məruzə ediblər.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub