DSX məktəblilər üçün yay düşərgəsi təşkil edib
Dövlət Sərhəd Xidməti yeni layihəyə - sərhəd zastavalarında gənclər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start verib.
APA TV-nin xəbərinə görə, bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.
İyulun 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayonuna yola düşüblər.
İyulun 12-də “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilib. Yay düşərgəsinin sərhəd zastavasının bazasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarət olduğu qeyd edilib.
Düşərgədə müəllimlərlə yanaşı, şagirdlərin təlim-tərbiyə işləri ilə sərhədçi zabitlər də məşğul olacaq, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, avtomat silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edəcək.
Yay düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanıb, məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlərin keçirilməsi, Azərbaycan kinematoqrafçıları tərəfindən vətənpərvərlik mövzularında çəkilmiş filmlərin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxların nümayiş etdirilməsi nəzərdə tutulur. Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar da təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub