Salyanda 4 yaşayış məntəqəsinin yolunun təmiri yekunlaşır

Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. 

 

APA TV-nin xəbərinə görə, söhbət uzunluğu 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 

 

Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Bu çərçivədə yolun 79 min kv. m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtük döşənir.

 

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

 

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu 72 paqon-metr 300 mm diametrli dəmir, 84 paqon-metr 500 mm, 60 paqon-metr 750 mm  və 60 paqon-metr 1000 mm diametrli dəmir-beton borular quraşdırılıb. 

 

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 5 ədəd avtobus dayanacağının tikintisi, 13 ədəd km göstəricinin, 93 ədəd yol nişanı və məlumatverici lövhələrin, 285 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR