DSMF əməkdaşının öldüyü qəzanı “Azərpoçt”un sürücüsü törədib
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Qəbələ Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, ötən gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb “Azərpoçt” MMC-nin Qəbələ rayon Poçt Şöbəsinin xidməti avtomobilinin sürət həddini aşaraq kobud şəkildə qayda pozması olub.
Məlumata görə, Qəbələ rayon Poçt Şöbəsinin sürücüsü, 1989-cu il təvəllüdlü Xəlilov Nurlan Mahir oğlu idarə etdiyi 36 AA 156 dövlət nömrə nişanlı “NİVA” markalı minik avtomobili ilə sürət həddini aşaraq 60 km/saat sürət həddi müəyyən olunan yerdə 80 km/saat sürətlə hərəkət edib. Bu zaman qarşıda eyni istiqamətdə hərəkətdə olan və geriyə manevr edən Qəbələ sakini, 1958-ci il təvəllüdlü Məmmədov Elçin Qüdrət oğluna məxsus 99 DK 409 dövlət nömrə nişanlı "Hyundai Sonata" markalı minik avtomobilini ötmə əməliyyatı edərkən sol yan tərəfdən vurub. Sürücü Elçin Məmmədov ağır zərbənin təsiri nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalıb və aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Elçin Məmmədovun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı, eləcə də “NİVA”nın sürücüsü Nurlan Xəlilov və 1974-cü il təvəllüdlü sərnişini Aslanov Elşən Ələfsər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşı olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub