Bakının bu küçəsində təmir işləri yekunlaşır

Yasamal rayonu Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri yaxın günlərdə tam yekunlaşdırılacaq.

 

APA TV-nin xəbərinə görə, uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan Əsəd Əhmədov küçəsində hazırda sürətlə və keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi aparılır.

 

Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib.

 

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri bərpa olunub, yeniləri çəkilib və ya yolun hərəkət hissəsindən kənarlaşdırılıb, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyat borular atılıb. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulub.  Ümumilikdə sadalanan işlər çərçivəsində küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 110 ədəd yeni baxış qapaqları qoyulub. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

Küçənin yenidən qurulması zamanı hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədilə 4 yerdə 4 metr enində xüsusi “cib”li hissələr yaradılıb.

 

AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən, yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik, küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı”.

 

Yaxın günlərdə asfaltlanma işləri bitən kimi küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 92 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək, yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər yekunlaşdırılacaq və Əsəd Əhmədov küçəsi tam olaraq vətəndaşların istifadəsinə veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR