Yevlaxda 5 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolu tikilir

Yevlax rayonunda inşası davam etdirilən yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

 

APA TV-nin xəbərinə görə, Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan, yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxmışdı. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yol boyu yaşayan vətəndaşların ürəyincə olub.

 

9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb.

 

Layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilib. Borular istismara yararsız olduğundan, yenisi ilə əvəz olunub.

 

Yol əsası hazır olan hissələr texnoloji ardıcıllığa uyğun olaraq  iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanır. Bu işlərin əhatə etdiyi ərazi 60 min kv. m-ə yaxındır.

 

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 7 yaşayış məntəqəsinin 7 minə yaxın əhalisinin respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 36-cı km-nə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

 

Qeyd edək ki, tikinti işlərinin sonuncu mərhələsində 5 nöqtədə avtobus dayanacağı, 34 ədəd yol nişanı və göstərici, 460 ədəd siqnal dirəyi quraşdırılacaq, 29 km uzunluğunda yolun xətlənməsi işləri görüləcək. Yolun yenidən qurulması yaxın müddət ərzində tam olaraq yekunlaşdırılacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR